İdman jurnalistlərinin komandası "Ulduzlar Liqası"nın qalibi oldu

 İdman jurnalistlərinin komandası "Ulduzlar Liqası"nın qalibi oldu

Çimərlik futbolu üzrə "Star Cup Azerbaijan - Ulduzlar Liqası" turniri keçirilib.

"Mediasport" xəbər verir ki, medalçıların müəyyənləşdiyi gündə qum meydançasına ilk olaraq "Mahal" və "Qardaşlar" komandaları çıxıblar.

5:3 hesablı qələbə qazanan "Mahal" yarışın bürünc medallarını qazanıb.

Final matçında dünya və Avropa çempionu olmuş idmançılardan ibarət "Platinum" komandası ilə idman jurnalistlərindən formalaşmış "Yazanlar" kollektivi üz-üzə gəliblər. Gərgin keçən qarşılaşmada "Yazanlar" 3:2 hesabı ilə qalib gələrək turnirin çempionu olub.

Ardınca oyunçuların individual şəkildə mükafatlandırılma mərasimi baş tutub.

Turnirin ən yaxşı oyunçusu dəfələrlə güləş üzrə dünya və Avropa çempionu adını qazanmış, Olimpiya mükafatçısı Rafiq Hüseynov seçilib.

Ən yaxşı qapıçı nominasiyasında Anar Məhərrəmov mükafat alıb, feyr-pley mükafatı "Mahal" komandasından Mərdan Kazımova verilib.

Çempion "Yazanlar"a kubok və medalları millət vəkilləri - Razi Nurullayev, Vüqar İsgəndərov, Müşfiq Cəfərov və veteran futbolçu Mahmud Qurbanov təqdim ediblər.

Qeyd edək ki, oyunlar Bakı Su İdmanı Sarayının ərazisindəki Avropa İdman Oyunları Kompleksinin çimərlik futbolu meydanında keçirilib.