Bu təlim kimə və nəyə lazımdır?

 Bu təlim kimə və nəyə lazımdır?

AFFA tərəfindən UEFA lisenziyalı məşqçilik kurslarının əhatə dairəsinin genişləndirilməsi və yeni məşqçi təlimçilərinin hazırlanması məqsədilə təlim keçirilir.

"Mediasport" xəbər verir ki, iyunun 10-da başlayan və 13-dək davam edəcək təlimin əsas məqsədi UEFA lisenziyalı məşqçilik kurslarının tədrisinə cəlb oluna biləcək potensial məşqçi təlimçilərini müəyyən etmək, onların tədris, fasilitasiya, praktiki məşğələ aparma, rəyvermə və qiymətləndirmə bacarıqlarını inkişaf etdirməkdir.

AFFA-nın məşqçi təhsili sisteminin daha da gücləndirilməsi, müxtəlif səviyyələr üzrə təlimçi potensialının artırılması və ehtiyac olan yeni istiqamətlərdə kadr hazırlığının dəstəklənməsi əsas prioritetlərdəndir. 2026-cı il ərzində məşqçi təlimçilərinin sayının artırılması hədəflənir.

Təlimlərə regionlardan olan məşqçilər də cəlb olunub.

Bu, gələcəkdə UEFA lisenziyalı məşqçilik kurslarının regionlarda daha əlçatan keçirilməsinə, yerli məşqçi potensialının artırılmasına və futbolun kütləviliyinin inkişafına yönəlmiş təhsil proqramlarının daha geniş coğrafiyanı əhatə etməsinə şərait yaradacaq. 

Təlim çərçivəsində iştirakçılar məşqçi təhsilində müasir yanaşmalar, praktiki məşğələlərin təşkili, iştirakçıların qiymətləndirilməsi, effektiv kommunikasiya və konstruktiv geribildirim kimi mövzular üzrə bilik və bacarıqlarını inkişaf etdirirlər.