Jalə bürünc medal qazandı, Eldəniz finalda - Avropa çempionatı

Jalə bürünc medal qazandı, Eldəniz finalda - Avropa çempionatı

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, turnirdə bu gün yunan-Roma güləşçilərinin mübarizəsi start götürüb.

Azərbaycanın 10 təmsilçisindən 5-i xalça üzərinə çıxıb.

Komandanın kapitanı Eldəniz Əzizli (55 kq) ilə yanaşı, Murad Məmmədov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) güclərini yoxlayıblar.

Onlardan yalnız Əzizli ümidləri doğruldaraq finala yüksəlib.

Yarımfinalda uduzan Murad Məmmədov və İslam Abbasov sabah bürünc medal görüşü keçirəcək.

Sənan Süleymanovla Beka Kandelaki yarışı medalsız başa vurublar.

Sonuncu qadın güləşçimiz Jalə Əliyeva (57 kq) isə üçüncü yer uğrunda görüşdə Yenna Hemyaeyə (Finlandiya) qalib gələrək qitə çempionatının bürünc mükafatına yiyələnib.

Qeyd edək ki, AÇ-də daha əvvəl sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc mükafat əldə ediblər.

Milli komandamız Slovakiyaya 10 sərbəst, 4 qadın və 10 yunan-Roma güləşçisi ilə yollanmışdı.

Qitə birinciliyi aprelin 13-də başa çatacaq.