"Komanda daha da güclənəcək"

"Komanda daha da güclənəcək"

"Sloveniyada toplanış yaxşı keçdi. İstədiyimiz yoldaşlıq görüşləri oldu. Rəqiblərimiz heç də pis komandalar deyildi".

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.

Ukraynalı mütəxəssis "Palms Sports Arena"da təşkil edilən brifinqdə komandanın hazırlığı barədə məlumat verib, sonra jurnalistlərin suallarını cavablandırıb:

"Daha çox qalib gəlmək istəyərdik. Amma toplanışın məqsədi yükləmələrdir. Bütün oyunçulara eyni səviyyədə yükləmələr verildi.

Hər birinə oyun dəqiqələrə verməyə çalışdıq. Çox sevinirəm və toplanışdan məmnun qaldım. Daha önəmlisi odur ki, toplanışı zədəsiz başa vurdduq. Hər şey istədiyimiz kimi davam edir.

Dörd yeni oyunçumuz var. Komandanı gücləndirmək yönündə işlər davam edir. Bilirik ki, hansı mövqelərə oyunçulara ehtiyacımız var. İstədiyimiz oyunçular üzərində işlər aparırıq.

Bu yöndə səhvə yol vermək istəmirik. Komanda daha da güclənəcək. Bunu əminliklə deyə bilərəm. Hazırda komandanın sütunu var. Yeni cəlb edilmiş 4 oyunçu bizi kifayət qədər gücləndirir".

Komandanızı ötən mövsüm Avropaya apardınız. Bu il 90 illiyinizdir. Azarkeşlərin gözləntisi böyükdür. Azarkeşlərə nə söz verə bilərsiniz?

- Söz vermək bir şeydir, ona əməl etmək başqa. Əminliklə deyə bilərəm, hamımız çalışırıq ki, bərabər şəkildə qruplara gedək. Bu, heç də asan olmayacaq. Bu, oyunlardan, həm də püşkatmada düşəcək rəqibdən asılıdır. Qarşıda bizi "Dinamo" ilə oyun gözləyir. Öncə onları keçməliyik. Sonra digər rəqib haqda düşünə bilərik. 

"Dinamo" necə komandadır? 

- Çempion komandadır, hazırda da turnir cədvəlində liderdir. Onlarda hazırda çempionat davam edir. Düşünmürəm ki, asan olacaq. Çətin olacaq. Buna hazırıq. 

Hansı mövqelərə oyunçu axtarırsız? 

- Hücum xəttinə axtarırıq. Sağ cinah hücumçusu lazımdır. Hər şey yaxşı olsa, 8 nömrə mövqeyinə oyunçu gətirəcəyik.

Azərbaycanlı oyunçuya baxırsız? 

- Bizdə akademiyadan əsas komandaya cəlb olunan oyunçular var. Onlar üzərində işləyəcəyik. Yerli bazardan Rüfət Abbasovu heyətə cəlb etmişik. 

Varqasla bağlı son durum necədir? 

- Bir az səbir edək. İş gedir. Nə vaxt ki, hər şey konkretləşəcək, rəsmi məlumat veriləcək.