"Neftçi" adı olan yerdə həmişə çempionluq tələb edilir"
"Neftçi"nin U-17 komandasında əsas məqsəd futbolçuları yetişdirmək və yuxarı yaş qrupları üzrə komandalara göndərməkdir. Koordinatorların verdikləri məsləhətlər bizim üçün önəmlidir. Yuxarı yaş qrupları üzrə komandalara nə qədər çox oyunçu göndərsək, biz məşqçilərin işi həmin vaxt daha aydın seziləcək".
Bu sözləri "Mediasport"a açıqlamasında "Neftçi"nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov deyib.
Gənc çalışdırıcı "ağ-qaralar"la qazandığı çempionluqdan, bu yolda komandanın əsas rəqiblərindən bəhs edib:
"Neftçi" adı olan yerdə həmişə çempionluq tələb edilir. Şükürlər olsun, biz həm "Qarabağ"ı, həm də "Sabah"ı qabaqlayaraq kuboka sahib çıxdıq. Öncə Allaha, sonra isə futbolçulara təşəkkür edirəm. Əziyyət çəkdilər, əzm nümayiş etdirlər. U-17, əvəzedicilərdən ibarət komanda və ya Premyer Liqa - fərqi yoxdur, çempionluğun öz ləzzəti var".
Azərbaycan milli komandasının sabiq futbolçusu birinciliyi məşqçilik karyerasının böyük uğuru adlandırıb:
"Neftçi"də işə yeni başlamışam. Çempionluq mənim üçün böyük uğurdur. Bundan sonrakı illərdə daha yaxşı və böyük komandalarda eyni nailiyyəti təkrarlamağı arzu edirəm. Hər gün inkişaf etməyə və təcrübə qazanmağa çalışıram. Səhvlərim barədə düşünürəm. Allah nəsib edərsə, daha böyük uğurlar qazanmaq niyyətindəyəm. Bunun üçün zaman lazımdır".
Xatırladaq ki, "Neftçi"nin 17 yaşadək futbolçularından ibarət komandası yarışın son turunda "Sabah"la heç-heçə edərək (0:0) kuboka və qızıl medallara yiyələnib.


