"Memorialın Şuşa və Xankəndidə təşkil olunması gözəl ənənədir"
"Bu turnir Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Şahmat Federasiyası və əlaqədar təşkilatların birgə səyinin nəticəsidir. Tədbirin mütəmadi olaraq keçirilməsi Vüqar Həşimov şəxsiyyətinin miqyasını göstərir. O cümlədən dünya şahmatçıları tərəfindən Vüqarın adının yüksək tutulması ilə əlaqədardır".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.
O, turnirin mətbuat xidmətinə açıqlamasında sabah Xankəndidə start götürəcək Memorialın davamlı keçirilməsinin sevindirici hal olduğunu söyləyib:
"İlk illərdə yarış Şəmkir, Bakı və Qəbələ şəhərlərində keçirildi. Son illərdə isə işğaldan azad edilmiş şəhərlərdə baş tutur. Memorialın Şuşa və Xankəndidə təşkil olunması isə gözəl ənənədir və bunu davam etdirəcəyik. Turnirin gələcəkdə müxtəlif ünvanlarda keçirilməsi də istisna edilmir. Bu isə Azərbaycanın digər bölgələrinin tanıdılması üçün gözəl vasitədir. Azərbaycanın şahmat ənənələrini, gücünü nəzərə alsaq, turnir dünya şahmatına olan böyük tövfədir".
Federasiya rəhbəri yarışın FİDE dünya çempionatının seçmə mərhələsinə daxil olunması ilə bağlı da fikirlərini bildirib:
"Vüqar Həşimovun xatirə turniri ilk günlərdən ən yüksək səviyyədə təşkil olunub. Bu səbəbdən turnirin FİDE tərəfindən seçmə mərhələnin tərkib hissəsi kimi qəbul olunması əbəs deyil. İnanırıq ki, belə də olacaq və gələcəkdə daha yüksək səviyyələrə qalxacaq".
M.Məmmədov mərhum Avropa çempionu ilə bağlı düşüncələrini də bölüşüb:
"Vüqar Həşimov Azərbaycanın şahmat tarixində çox parlaq, unudulmayan iz qoyub. İlk addımlarından son günlərinədək gözümüzün qabağında idi. Dünyanın ən görkəmli, aparıcı şahmatçılarından birinə çevrilməsinin, qələbələrinin şahidi olduq.
Adı "Ginnesin rekordlar kitabı"na salınan Faiq Həsənovun 85 illiyinə həsr olunmuş filmdə Vüqar Həşimov barədə maraqlı kadrlar da geniş tamaşaçı kütləsinə çatdırılıb. Fəxr hissi ilə deyə bilərəm ki, Vüqar şahmat nəzəriyyəsinə də böyük tövfələri ilə yadda qalıb. Bu sözü çox az şahmatçı barədə demək olar.
O, həm böyük praktik, həm də görkəmli nəzəriyyəçi idi. Həşimov bu mənada da dünya şahmatında öz bacarığını əsirgəmədi. Sevinirik ki, bu ad, bu xatirə daim yaşayır. Bu təkcə Memorial turnir deyil.
"Baku Chess Tour"a daxil olunmuş yarışın gələcəkdə bu turnirə əlavə olunması istisna deyil. Fondun gördüyü xeyirxah işlər, şahmat tədbirlərini də bu siyahıya əlavə etmək olar.
Azərbaycanın yeni nəsil şahmatçıları da hər zaman elə böyük şahmatçının olması, ölkəmizin adını ucaltması, ilk dəfə Avropa çempionu, Qran-pri qalibi olması barədə həmişə biləcəklər. Vüqarın xatirəsi daim yaşayacaq".
Qeyd edək ki, XI Vüqar Həşimov Memorialı dekabrın 9-11-də Xankəndidə keçiriləcək.
