"Məndən asılı olmayan səbəblərdən oynamıram" - Mahir Emreli

"Hazırda mənim üçün asan dövr deyil və hər şey olmalı olduğu kimi getmir…Klubumda məndən asılı olmayan səbəblərdən son zamanlarda oynamıram. Bu da milli komandada oyunuma öz təsirini göstərir".
"Mediasport" xəbər verir ki, bu sözlər Azərbaycan milli komandasının futbolçusu Mahir Emreliyə məxsusdur.
28 yaşlı hücumçu sosial şəbəkə hesabında son zamanlar milli və klubda istənilən perfomansı sərgiləyə bilməməsinə aydınlıq gətirib:
"Heç vaxt ruhdan düşmürəm. Səbrimlə, inamımla, məşqlərimlə öz işimə köklənirəm. Bu yolda mənə ən böyük dayaq, milli komandam, baş məşqçimizin etimadı və dəstəyi oldu. Onların bu güvəni mənim üçün həm məsuliyyət, həm də motivasiyadır.
Almaniyanın "Kayzerslautern" klubunda 4 oyundur adı iştirak ərizəsinə salınmayan forvard gələcəyə ümidlə baxdığını qeyd edib:
"Vacib olan dayanmamaqdır. Heç bir yol asan deyil. Son üç oyun da məhz bu cür, yeni və ümidverici bir yolun başlanğıcıdır. Təbii ki, bu yol da asan olmayacaq.
Amma siz, əziz azarkeşlər, bizim üçün sadəcə tribunadakı səs deyilsiniz. Siz bizim meydandakı iradəmiz, gücümüz və qürur mənbəyimizsiniz. Yaxşı günlər qarşıdadır",