Bençe Varkonyi: "Məndən nə tələb olunduğunu yaxşı bilirəm"

Bençe Varkonyi: "Məndən nə tələb olunduğunu yaxşı bilirəm"

"Qarabağ"ın müdafiəçisi Bençe Varkonyi Bakıda UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" (Kiyev) ilə cavab oyunundan (2:0) "Mediasporta müsahibə verib.


Oyun haqda nə deyə bilərsiniz?

- Planımız oyuna nəzarət etmək və qalib gəlmək idi. Düzdür, hər şey istədiyimiz kimi alınmadı, bütün imkanlardan yararlana bilmədik, lakin lazım olan qələbəni qazandıq.

İkinci hissənin əvvəlində inamlı təsir bağışlamadınız və rəqibə qapınız qarşısında bir neçə təhlükəli qol vəziyyəti yaratmağa imkan verdiniz.

- Matç 90 dəqiqə davam edir və səhvlər olur. Nəzərə almaq lazımdır ki, “Dinamo” kifayət qədər güclü rəqibdir. İnamlı oynamağa çalışdıq, qapıçımız da yaxşı seyvlər etdi. Bəli, səhvlər oldu, amma əsas odur ki, mərhələni keçdik. Səhvlər üzərində işləyəcəyik.

Pley-off mərhələsində "Tvente” ilə qarşılaşacaqsınız...

- Gəlin, əvvəlcə bu qələbədən zövq alaq, qeyd edək. Ondan sonra əvvəlcə bizi Premyer Liqada oyun gözləyir. Bu oyuna hazırlaşacağıq, daha sonra isə Konfrans Liqasındakı rəqibimizi analiz edəcəyik.

- Necə düşünürsünüz, belə oyunla Niderland komandasını keçmək mümkündür?

- Oyunumuzda həm müdafiədə, həm də hücumda çox şeyi yaxşılaşdırmalıyıq. Bundan əvvəlki üç matçda qol vura bilməmişdik, amma xoşbəxtlikdən "Dinamo"ya qarşı iki dəfə fərqləndik.

Mütəmadi olaraq start heyətində meydana çıxırsınız. Yeni komandada özünüzü necə hiss edirsiniz?

- Uyğunlaşma prosesim rahat keçdi. Burada hər kəs mənə kömək etdi ki, uyğunlaşmağım asan olsun. Məndən nə tələb olunduğunu yaxşı bilirəm. Oyunlardan zövq alıram. Burada özümü rahat hiss edirəm.