"Bizim üçün çempionatda hər oyun vacibdir" - Qurban Qurbanov

"Bizim üçün çempionatda hər oyun vacibdir" - Qurban Qurbanov

"Kaxaber Çxadadzeyə ancaq təşəkkür düşür. İntizamlı oyun, bərk müdafiə, təhlükəli əks-hücumlar edən komanda yaradıb. 90 dəqiqə 10 nəfərlə oynamaqlarına baxmayaraq, komanda əzmkarlıq göstərdi".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Lqiasının 6-cı turunun "Qəbələ" ilə görüşünü (2:0) şərh edib:

"Belə komanda, belə iş görəndə qarşıdakı oyunlarda daha da ciddi oluruq. Vacib qələbə qazandıq. Bəlkə də oyun düşündüyümüzdən fərqli alındı. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi. Qolu düşünülmüş hücumdan sonra vurduq. Bəzi elementlər var idi ki, onları meydanda gördüm. Hər bir halda bu, az idi. Daha çox etmək lazım idi. Bəlkə də rəqib ilk dəqiqələrdən azlıqda qaldı deyə arxayınlıq oldu. Azarkeşlərimizə də təşəkkür edirəm".

Düşündünüz ki, hakim rəqibə qırmızı vərəqə verməsə, daha yaxşı olardı?

- Belə bir fikir ağlıma gəldi. 11-11-ə oynasaydıq, bilmək olmazdı, nəticə necə olacaq. Rəqibi də düşünmək lazımdır. Bir həftə bizlə oyuna hazırlaşırlar. Birdən-birə düşünülməmiş qırmızı vərəqə məşqçinin də oyun planını pozur. Bəlkə bizim də planımızı pozdu. Epizoda baxanda dedim ki, yəqin verəcək. Belə hallar hər iki komandaya gələcəkdə fayda verir.

Sanki futbolçularınız "Kopenhagen"lə matçdan öncə zədələnməmək üçün bir az ehtiyatlı oynayırdı. Siz necə düşünürsünüz?

- Nə məndə, nə də futbolçularda belə fikir var idi. Biz hər oyunda meydana maksimum nəticə üçün çıxırıq. Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz.

"Kopenhagen"lə oyun ərəfəsində komandanın hazırlıq durumunu necə gördünüz?

- Bizim üçün çempionatda hər oyun vacibdir. "Kopenhagen"lə matçı düşünmürdük. Sadəcə, ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır. Rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq. "Qəbələ" 5 müdafiəçi ilə oynayır, "Kopenhagen" isə 4. Bəzən onlar da "beşli" müdafiə sistemində oynayırlar. Dünən bu sistemlə oynadılar. Bakıda fərqli sistem ola bilər. Futbolçuların idman formasında bir az balans yox idi. "Araz-Naxçıvan"la matçda rotasiyalar etmişdik. "Kopenhagen"lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdır. 

"Qəbələ"nin gənc futbolçusu Şahin Şahniyarov haqda fikirləriniz necədir? Onu nəzarətdə saxlayırsınız? Gələcəkdə Şahini "Qarabağ"a cəlb etmək barədə düşünürsünüz?

- Belə futbolçuların əsas heyətdə oynamasına sevinirəm. Çox məsuliyyətli mövqedə oynayır. Kaxaber Çxadadze kimi məşqçisi güvənirsə, bu, onun potensialından xəbər verir. Belə oyunçuların hər biri bizim diqqətimizdədir, onları daim izləyirik. Sol və sağ cinah müdafiəçiləri də bərk idilər. Çox bəyəndim. Qarşılarında Leandro Andrade, Zubir, Kaşşuk, Addai kimi oyunçular var idi. Onlara asanlıqla məğlub olmadılar.

Nəriman Axundzadənin "Kopenhagen"lə matçda, heç olmasa, 15 dəqiqə oynamaq ehtimalı var?

- Bəli, var.

Yeni gələn Ramil Şeydayev "Qarabağ"dan gedən Ramil Şeydayevin neçə faizidir?

- Faiz nisbətini demək düzgün olmaz. Amma hələ hazır deyil. Bizdəki əvvəlki performansı ilə indiki performansı arasında fərq var. Təcrübəli oyunçudur. Fiziki hazırlığı onun ən üstün cəhətlərindən biridir. Xeyli müddətdir oyunlarda iştirak etmir. Ramilə oyun təcrübəsi lazım olacaq. Qarşıdakı matçlarda bizə faydası dəyəcək. Çünki rotasiyalar edəcəyik. Oynadıqca keçmiş formasına qayıda biləcək. 

Bir az əvvəl transfer olsaydı, Çempionlar Liqasının iştirak ərizəsində adı ola bilərdi?

- Bəli, ola bilərdi.