Rəqibini kəllə ilə vuran millimizin üzvü "qırmızı"ya görə üzr istədi
"Dünən axşam oynanan qarşılaşmada gördüyüm qırmızı vərəqənin peşəkar bir futbolçu olaraq sərgiləməməli olduğum bir davranışın nəticəsi olduğunun fərqindəyəm".
"Mediasport" xəbər verir ki, bu fikirlər Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcüyə məxsusdur.
Yarımmüdafiəçi formasını geyindiyi Türkiyənin 1-ci Liqa klubu "Vanspor"un heyətində "Manisa" ilə matçda meydandan qovulması barədə fikirlərini bölüşüb.
O, sosial şəbəkə hesabındakı paylaşımda Van klubunun azarkeşlərindən üzr istəyib:
"Şəxsiyyətimə və ya başqa bir insanın dəyərlərinə yönələn təhqir və hörmətsizliyə biganə qalmağım mümkün deyil. Buna baxmayaraq, yaşanan hadisə qarşısında nəzarətimi itirməyimin doğru olmadığını qəbul edirəm.
Bu səbəblə, başda böyük "Vanspor" camiəsi olmaqla, texniki heyətimizdən, komanda yoldaşlarımdan və bizi hər şəraitdə dəstəkləyən azarkeşlərimizdən üzr istəyirəm.
Bunun bilinməsini istəyirəm ki, bu forma, bu gerb və "Vanspor"un uğuru üçün mən və komanda yoldaşlarım son ana qədər mübarizə aparmağa, meydanda xarakterimizi və əməyimizi ortaya qoymağa davam edəcəyik".
Xatırladaq ki, Ozan Can komandasının 1:4 hesabı ilə uduzduğu görüşdə yeganə qolun müəllifi olub və son dəqiqələrdə rəqibə kəllə atdığı üçün qırmızı vərəqə alıb.


