Millimiz ilk dəfə keçiriləcək Avropa çempionatında iştirak edəcək

Azərbaycanın çövkən milli komandası Polşanın Şonovitse şəhərində keçiriləcək ilk Avropa çempionatında iştirak edəcək.
"Mediasport" xəbər verir ki, qitə birinciliyi Beynəlxalq Çövkən Federasiyasının (BÇF) təşkilatçılığı ilə iyunun 3-7-də baş tutacaq.
Yarışda Avropa qitəsini təmsil edən altı ölkə - Azərbaycan, Böyük Britaniya, Macarıstan, Malta, Polşa və Türkiyənin milli komandaları mübarizə aparacaqlar.
Çempionat çərçivəsində, iyunun 4-də Beynəlxalq Çövkən Federasiyasının üçüncü Baş Assambleyası da baş tutacaq. Assambleya zamanı yeni üzvlərin qəbulu, növbəti kontinental yarışların tarixləri və keçirilmə məkanları, eləcə də federasiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılacaq.
Qeyd edək ki, Beynəlxalq Çövkən Federasiyası tək illərdə kontinental çempionatlar, cüt illərdə isə dünya çempionatlarının təşkilini nəzərdə tutan uzunmüddətli yarış təqvimi formalaşdırıb.
2025-ci il ərzində Asiya, Cənubi Amerika, Afrika və Avropa çempionatlarının keçirilməsi planlaşdırılır.