150 nəfərlik nümayəndə heyətimiz Böyük Britaniyada - FOTOLAR
Azərbaycan Böyük Britaniyada keçirilən ənənəvi "Vindzor Kral Atçılıq Şousu"nda Heydər Əliyev Fondunun dəstəyi və Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə 150 nəfərlik böyük nümayəndə heyəti ilə təmsil olunur.
"Mediasport" xəbər verir ki, "Azerbaijan - Land of Fire" şou-kompozisiyasında Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və orkestrin çıxışları nümayiş etdirilib.
Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi 23 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb.
Şou-kompozisiyanın rəhbəri əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı Dövlət Sərhəd Xidmətinin əməkdaşı əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru əməkdar artist Səməd Vəkilovdur.
Peşəkar Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz yaradıcılığının şah əsərlərindən sayılan, klassik Azərbaycan musiqisinin incisi olan "Arşın mal alan" operettasının musiqisi əsasında hazırlanmış rəngarəng və duyğusal kompozisiya tamaşaçılara təqdim olunub.
Xatırladaq ki, nümayəndə heyətimizin çıxışları mayın 17-dək davam edəcək.



