“Neftçi" futbolumuzun keçmişidir, bu günüdür, gələcəyidir!” - VİDEO
Bugünlərdə 70 illik yubileyi ilə əlaqədar olaraq “Neftçi” PFK-nın qonağı olan veteran futbolçu Şakir Qəribov “Palms Sports” Futbol Mərkəzində klub televiziyasın müsahibə verib.
"Mediasport" xəbər verir ki, “Neftçi”yə gəlişi ilə bağlı diqqətçəkən açıqlamalar verən Qəribov futbolçu və məşqçi karyerası barədə sualları cavablandırıb, maraqlı məqamlara toxunub.
Qeyd edək ki, 1956-cı il yanvarın 15-də Sabirabadda dünyaya gələn Qəribov futbol oynamağa doğma rayonda başlayıb.
Əvvəlcə Gəncə “Dinamo”sunda, daha sonra hərbi xidmətlə əlaqədar OİK-də çıxış edən Şakir Qəribov 1977-ci ildə “Neftçi”yə dəvət olunub.
İlk ili əvəzedici komandada keçirən sol cinah müdafiəçisi 1978-ci ildə əsas komandaya çağırılıb və qısa müddətdə əsas heyət üzvlərindən birinə çevrilib.
Ümumilikdə, “ağ-qaralar”ın heyətində keçirdiyi 9 mövsüm ərzində 219 oyunda meydana çıxıb, 8 qola imza atıb.
Futbolçu karyerasını başa vurandan sonra doğulduğu Sabirabadın “İnşaatçı” klubunda məşqçiliyə başlayan mütəxəssis 1989-cu ildə oynayan məşqçi kimi Azərbaycan çempionu olub.
Vaxtilə yığmanın baş məşqçiləri olmuş İqor Ponomaryov, Vaqif Sadıqov və Şahin Diniyevlə birgə işləyib, olimpiya yığmamıza və aşağı yaş qruplarından ibarət komandalara rəhbərlik edib.
2000-2001, 2009-2010-cu illərdə doğma “Neftçi”nin, 2011-2013-cü illərdə isə AZAL-ın məşqçisi olub.
