Ayxan Abbasov: "Çempionatda ən vacib qələbəmizi qazandıq"
"Çempionatda ən vacib qələbəmizi qazandıq. Rəqib "Qarabağ" səfərindən 3 xalla qayıtmışdı. Motivasiyalı idilər. Xal fərqi azala bilərdi. Ötən tur “Qəbələ” ilə oyunda ağır məğlubiyyət almışdıq. Futbolçular bu gün özlərini toparlayıb, mühüm qələbə qazandılar. Turnir cədvəlində yerimizi möhkəmləndirdik".
"Mediasport" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 18-ci turunun "Kəpəz"Lə səfər oyunu haqda danışıb, 2:0 hesablı qələbəni şərh etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sizcə, "Qarabağ" üzərindəki qələbə "Kəpəz"də eyforiya yaratmışdı?
- Birinci dövrdə "Kəpəz"ə böyük hesabla məğlub olmuşduq. Rəqib hər oyuna final kimi baxır. Eyforiyada olduqlarını düşünmürəm. Bu gün biz yaxşı oynadıq.
Daha çox qol vura bilərdiniz, nə çatmadı?
- İkinci hissədə rəqib birdən-birə 4 əvəzetmə elədi. Hücum xəttini gücləndirdilər. Bilirdik ki, "Kəpəz" üstümüzə çox gələcək. Çatışmayan cəhətimiz qol epizodlarını dəyərləndirə bilməməyimizdir. Statistikaya görə, çempionatda ən yaxşı oyunumuz ötən matç idi, amma 0:4 uduzduq.
Səbəbi nə idi?
- Edqar Adilxanov çox epizoda girir. Bunun üzərində çox çalışır. Orucun da epizodları oldu. Uşaqlar çalışır. Bir oyun uduzandan sonra elə tənqidlər oldu ki, sanki, “Şamaxı” sonuncudur. Sanki burda iş yoxdur. Bir futbolçunu qazandırmaq üçün illər lazımdır. Təəssüf ki, buna qiymət az verilir. Əsas nəticəyə baxılır. Üzərində işlədiyimiz şeylər var. Bu gün Orucun, Edqarın, Rüfətin oyunu ortadadır.
Abdulla Rzayevin karyerasını düşünüb “Şamaxı”ya gəlməsi digər futbolçular üçün nümunə ola bilər?
- Onun gəlişi ani oldu. Antonio Lara ötən həftə yaxınlaşdı və dedi ki, Maltadan təklifi var. Sonra Abdulla bizə müraciət etdi və burda oynamaq istədiyini dedi. Risk edəcəyik. Təki, qazansın, istəkli olsun.
Qapıçınızı oyunun qəhrəmanı hesab edirsiniz?
- Rikardo əla oynadı. O, komandamızın yarıdan çoxudur. Kapitanlarımızdan biridir. İkinci hissədəki seyvləri lazım idi. İki oyundur, bir barmağı sınıq qapıda durur.
“Qarabağ”la kubok oyununda heyətdə dəyişiklik olacaq?
- Hələ fikirləşməmişəm.
