"Neftçi"nin sabiq baş məşqçisini qovub yenidən Topalı gətirdilər

"Neftçi"nin sabiq baş məşqçisini qovub yenidən Topalı gətirdilər

2024-cü ilin dekabrında Rumıniyanın "Petrolul" klubunun baş məşqçisi təyin edilmiş Adrian Mutu növbəti dəfə istefaya göndərilib.

Klubları əlcək kimi dəyişən 47 yaşlı mütəxəssisin fəaliyyətindən narazı qalan Ployeşti təmsilçisi 3 ay tamam olmamış onunla yollarını ayırıb.

Superliqada ikinci "10-luq"da mübarizə aparan komandanı yenidən Mehmet Topal çalışdıracaq.

39 yaşlı məşqçi ilə 1,5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Topal 2024-cü ilin yayında "Petrolul"un "sükanı" arxasına keçmiş, lakin rəhbərliklə fikir ayrılığı səbəbindən postunu tərk etmişdi.

Mutu isə "Neftçi" və ondan əvvəlki iş yerlərində olduğu kimi, "Petrolul"da da uğursuz nəticələrlə ümidləri doğrultmadı.

Rumıniya futbolunun əfsanəsi 2023-cü ilin yayından 2024-cü ilin yanvarına qədər "Neftçi"nin baş məşqçisi olub.

Bakıdan uğursuzluğa görə göndərilən mütəxəssis dərhal sonra ÇFR-də işləməyə başlayıb və 6 ay keçməmiş oradan da istefa verib.

Ondan əvvəl də çalışdığı heç yerdə - vətənində "Voluntari", Ruminyanın U-21 millisi, "Universitatya Krayova" və "Rapid", Birləşmiş Ərəb Əmirliklərində isə "Əl Vəhda"da müsbət nəticə əldə edə bilməyib.

Mediasport.com.az