"Peşəkarlıq səviyyələrini belə turnirlərdə artıra bilirlər"

"Bir neçə gündü ölkəmiz mötəbər yarışa ev sahibliyi edir. Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirildi. Azərbaycanda mötəbər turnirlərin keçirilməsi ölkəmizə olan etibarın nümunəsidir".
"Mediasport" xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəsmisi 2027-ci ildə Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı haqda düşüncələrini bölüşüb:
"Ölkəmiz həmçinin, 20 yaşadək futbolçuların dünya çempionatına rəhbərlik edəcək. Bu da ölkəmizə olan etibarın nümunəsidir. Sözügedən yarış qardaş ölkə Özbəkistanla birlikdə keçiriləcək. Əminik ki bu turnir yüksək səviyyədə təşkil ediləcək"
S.Hacıyev Azərbaycan millisinin III MDB Oyunlarında çıxışına toxunub:
"Azərbaycan komandası III MDB oyunlarına uğurlu start verib. Bu yaşda uşaqlar üçün belə turnirlər çox vacibdir. Çünki hər biri gələcəyin futbolçularıdır və peşəkarlıq səviyyələrini belə turnirlərdə artıra bilirlər".
Xatırladaq ki, U-16 Azərbaycan millisi Oyunların finalında Rusiya yığmasına 2:3 hesabı ilə məğlub olaraq ikinci yeri tutub.