Bakıda “FIP Bronze Baku II” beynəlxalq padel turniri keçirildi

 Bakıda “FIP Bronze Baku II” beynəlxalq padel turniri keçirildi

“Sea Breeze”də yerləşən yeni padel kortlarında Azərbaycan Tennis Federasiyası ilə Beynəlxalq Padel Federasiyasının (FIP) əməkdaşlığı çərçivəsində “FIP Bronze Baku II” beynəlxalq padel turniri keçirilib.

"Mediasport" xəbər verir ki, iyulun 1-dən 5-dək davam edən yarışda dünyanın müxtəlif ölkələrindən peşəkar padel oyunçuları, eləcə də Azərbaycan təmsilçiləri FIP reytinq xalları uğrunda mübarizə aparıblar.

Turnirin final qarşılaşmalarını gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərli izləyib və qaliblərə mükafatları təqdim ediblər.

Kişilər arasında keçirilən yarışın qalibi Qonzalo Rubiyo (İspaniya) və İqnasiyo Vilarino Qestaso (BƏƏ) cütlüyü olub.

Qadınların yarışında isə neytral statuslu idmançı Darya Kuçeravaya və İspaniya təmsilçisi Barbara Las Herasdan ibarət cütlük turnirin qalibi adını qazanıb.

Qalib cütlüklər bu nəticə ilə FIP reytinqinə mühüm xallar əlavə ediblər.