"Qarabağ"ın Çempionlar Liqasına 2-ci raunddan başlayacağı dəqiqləşdi

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünə ikinci təsnifat mərhələsindən başlayacaq.
"Mediasport" xəbər verir ki, bu, PSJ-nin turnirin cari mövsümündə finala vəsiqə qazanması ilə reallaşıb.
"İnter"lə həlledici duelə yüksələn Paris təmsilçisi növbəti mövsüm üçün yarışın Liqa mərhələsində iştirak hüququnu Fransa çempionatından əldə etmişdi.
Bu halda Çempionlar yolunun təsnifat mərhələlərində çıxış eədəck kollektivlər arasından ən yüksək reytinqlisi birbaşa Liqa mərhələsinə vəsiqə qazanır. Bu komanda isə Yunanıstan çempionu “Olimpiakos”dur.
2-ci təsnifat mərhələsində bir komandanın azalması ilk raundda oynamalı olan klublara da təsir edir. Yəni burada da iki ən reytinqli komanda növbəti mərhələdə iştirak hüququna yiyələnir ki, onlardan biri Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam klubudur.
Xatırladaq ki, UEFA-nın ötən ildən tətbiq etdiyi yeni qaydalardan geridə qalan mövsüm də faydalanmış "köhlən atlar" ÇL-ə II təsnifat mərhələsindən start vermişdi.
Çempionlar yolunda yer alacaq "Qarabağ" püşkatmada səpələnməmişlər sırasından yer alacaq.
Ağdamlıların hazırda 12 potensial rəqibindən heç biri müəyyənləşməyib. Təmsilçimizin mümkün rəqibləri əsasən I təsnifat mərhələsinin cütləridir.
Xatırladaq ki, ikinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, qarşılaşmalar isə iyulun 22-23 və 29-30-da baş tutacaq.