Azərbaycanlı məşqçi ÜSYAN ETDİ: "Allah əziyyətimizi yerə vuranları cəzasız qoymaz, əlbət"

"Bununla 7-ci penaltimizdir ki, verilmir. Təsadüfi deyil ki, bu günə kimi cəmi bir penalti vurmuşuq. Allah əziyyətimizi yerə vuranları cəzasız qoymaz, əlbət".
"Mediasport" xəbər verir ki, bu sözlər 1-ci Liqa təmsilçisi "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadəyə məxsusdur.
Gənc mütəxəssis 21-ci turun bu gün "Mingəçevir"lə keçirilmiş görüşündən sonra üsyan edib.
Azərbaycan millisinin sabiq futbolçusu sosial şəbəkə hesabında təmiz penaltilərinin verilmədiyini yazaraq epizodun videosunu paylaşıb, haqlarının yeyildiyini iddia edib:
"Bu azmış kimi, oyundan sonra baş hakim futbolçumuz Xəyyam Hüseynova deyir ki, gələn il ikinci liqada görüşərik. Cənab Alik Yunusov, gələn mövsüm biz harda olacağıq, bilmirəm. Amma onu bilirəm ki, Allah hər şeyi görən Allahdır, eybi yox".
Qeyd edək ki, matç 0:0 hesabı ilə başa çatıb.
Görüşün baş hakimi Alik Yunusov, yan xətt hakimləri Qəzənfər Məmmədov və Taleh Məmmədov olubar. Amit Quluzadənin bəhs etdiyi epizod qarşılaşmanın 85-ci dəqiqəsində yaşanıb.
"Qaradağ Lökbatan" 21 turdan sonra 10 komandalı çempionatda 16 xalla sonuncu pillədə qərarlaşıb.