Rafael İskəndərovdan cavab: “Qurban Qurbanov bilər, biz bilərik”
“Bu Şəhərdə”nin “Ev Dar” adlı konsertində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrin xüsusilə idman mətbuatı seqmentində geniş narazılığa səbəb olub.
"Mediasport" xəbər verir ki, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov Heydər Əliyev Sarayında baş tutan proqramda Ağdam klubunun çalışdırıcısının personasını uyğun olmayan formada səhnələşdirməsi müzakirələr yaradıb.
Əməkdar artist Rafael İsgəndərov "metbuat.az"a açıqlamasında məsələ ilə bağlı danışmaq istəmədiyini bildirsə də, sonda “Qurban Qurbanov bilər, biz bilərik” deyib.
Əməkdar artist Coşqun Rəhimovun cavabı belə olub:
"Tənqid düşünənlər gəlib oturub o səhnəciyə baxardılar və düzgün reaksiya verərdilər. Biz işimizi bilən insanlarıq. Səhnədə heç kimi təhqir eləmirik, tənqid eləmirik, o ki qaldı Qurban Qurbanova.
Ayıb olsun onlara. Səhnəciyi görməmiş reaksiya vermək, reytinq qazanmaq ayıb bir işdir. Yeri gələndə bir çoxları ilə də münasibətimiz var, amma elə bu axırıncı yoldur ki, onlar edirlər.
Səhnəciyə baxıb düzgün reaksiya versəydilər, biz belə reaksiya verməzdik. Əgər belə bir fikirdə olublarsa, ayıb olsun onlara. Bu 25 ildə heç kimi tənqid eləməmişik. Sadəcə, olaraq haqla danışmaq lazımdır. İnsanlar yavaş-yavaş deyəsən haqqı itirirlər, pulu önəmsəyirlər”.
“Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov da açıqlamasında üçüncü adamların səhnəciyin tam versiyasını görmədən danışmaqlarını səhv addım hesab edib:
“Onlar haqqımıza girirlər. Ümumiyyətlə, o zaldan kimsə çəkib hansısa bir hissəni qoyursa, o da haqqımıza girib. Çünki çəkiliş qadağandır.
Yəni biz özümüz çəkirik, montaj edirik, sonra yerləşdiririk. Çəkən də, paylaşan da səhv edir, götürüb onu yerləşdirir öz səhifəsində və heç nə bilmədən ağzına gələni danışır.
Şər atırlar, ajiotaj yaradırlar. "Bu Şəhərdə" bunu edib, yaxşı, bəs məntiqli olmazdı ki, gözləsinlər. Tam versiyası “Youtube”a yerləşdiriləndən, efirdə göstəriləndən sonra - Qurban Qurbanov da özü bunun tam versiyasını görəndən sonra Qurban Qurbanovdan soruşmaq olardı ki, ay Qurban müəllim, sizin fikrinizcə, bu təbliğdir, tənqiddir, təqliddir, tərifdir, parodiyadır?
O da desin ki, əla idi, xoşuma gəldi, ya xoşuma gəlmədi, məni təhqir eləyiblər və sairə. Yaxud Azərbaycan yığmasının baş məşqçisindən soruşmaq? Yəni sənətdən başı çıxan insanlardan.
Bizim sosial şəbəkədə “zibilimiz” çoxdur. Bir bağçaya girəndə hər yerdə alaqlar da olur, gül-çiçək də. İndi yaxşı insan alaqları, zibili təmizləyib tullayır, gül-çiçək qalır.
Mənim fikrimcə, yaxşı olar ki, tam versiya hazır olsun, Qurban Qurbanov ona baxsın, ondan sonra Qurban Qurbanovdan soruşun ki, xoşuna gəldi, ya gəlmədi, vəssalam”.
