"Milli komandamız da ev oyunlarını Xankəndi stadionunda keçirə bilər"

"Milli komandamız da ev oyunlarını Xankəndi stadionunda keçirə bilər"

"Xankəndi şəhər stadionunda beynəlxalq oyunların keçirilməsi üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, yaxın gələcəkdə, AFFA ilə razılaşdırılmaqla, milli komandamız da ev oyunlarını burada keçirə bilər".

"Mediasport" xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi oyunla bağlı danışıb:

"Xankəndi azad edildikdən sonra stadionda ilk oyun 2023-cü il dekabrın 21-də keçirilib. Həmin vaxt Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” və MOİK komandaları qarşılaşıblar.

Bundan sonra Prezidentin tapşırıqlarına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda dövlət başçısının iştirakı ilə arenanın açılışı oldu.

Artıq “Xankəndi” komandası ilk ev oyununu bu stadionda keçirir. Tribunalara çoxlu sayda azarkeşin toplaşması hamımız üçün sevindirici haldır.

Çoxdan gözlədiyimiz bir gün idi. Onu da qeyd edim ki, MOİK də gələn ildən ev oyunlarını bu stadionda keçirməyə qərar verib. Stadion UEFA-nın müvafiq kateqoriyasını almaq üçün hazırdır”.

Nazir qeyd edib ki, Xankəndi şəhər stadionu bütün beynəlxalq standartlara uyğundur və UEFA-dan müvafiq kateqoriyanın alınması gözlənilir:

“Düşünürəm ki, bundan sonra burada təkcə aşağı yaş qruplarının deyil, A milli komandanın da oyunları keçirilə bilər. UEFA turnirlərinin matçlarının təşkili də mümkündür”.