"Mən də istərdim ki, oyunu Kiyevdə, onların böyük stadionunda keçirək"

"Mən də istərdim ki, oyunu Kiyevdə, onların böyük stadionunda keçirək"

“Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. Azərbaycana tanış və azarkeşləri çox olan kollektivlə qarşılaşacağıq".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" (Kiyev) ilə ilk oyunundan öncə Bakıda təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

O, gərgin mübarizə keçəcəyini qeyd edib:

"Nəticədən asılı olmayaraq, maraqlı mübarizə olacaq. Matça tam istədiyimiz kimi hazırlaşmışıq və uğurlu nəticə üçün gedirik.

Rəqibin də çox ciddi hazırlaşdığını bilirik. Hətta bunun üçün çempionat oyunlarını təxirə salıblar. İstənilən halda uğurlu nəticə üçün ən yaxşısını etməyə çalışacağıq.

Belə klublara qarşı oynamağı həmişə xoşlamışam. Mən özüm uşaq vaxtı Kiyev “Dinamo”sunun azarkeşi olmuşam.

Bu cür komandalara qarşı oynamaq bizim üçün hər zaman prestij olub. Böyümək, daha irəli getmək üçün bu cür komandalarla qarşılaşmalı və qalib gəlməlisən”.

Çalışdırıcı rəqibin evində oynaya bilməməsi və müharibə haqqında düşüncələrini belə vurğulayıb:

"Mən də istərdim ki, oyunu Kiyevdə, onların böyük stadionunda keçirək. İnanıram ki, bizi də kifayət qədər azarkeş dəstəkləyərdi. Şəxsən mənim üçün də həmin stadionda meydana çıxmaq maraqlı olardı.

​Əlbəttə, istəməzdim ki, onlar bu cür müharibə şəraitində oynamağa məcbur qalsınlar. Arzu edirəm ki, müharibə tezliklə başa çatsın, insanlar öz evlərinə, yurdlarına qayıtsınlar və komandalar yenidən doğma azarkeşləri qarşısında çıxış etsinlər.

​Ümid edirəm ki, təkcə Ukraynada və Rusiyada deyil, ümumiyyətlə, bütün dünyada münaqişələr sona çatar, insanlar sülh və firavanlıq içində yaşayar, uşaqlar xoşbəxt böyüyərlər. İnşallah, yaxın zamanda hər şey yoluna düşər".

Xatırladaq ki, "Dinamo" - "Qarabağ" oyunu avqustun 6-da Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək və Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Cavab görüşü gələn həftə Bakıda baş tutacaq.