"Turan Tovuz"un avrokubokdan kənar qalması üçün heç bir rəsmi məlumat, hüquqi əsas yoxdur!
Bir neçə gün əvvəl yayılan təxmini "Turan Tovuz" Konfrans Liqasına buraxılmaya bilər" başlıqlı xəbər gündəmi dəyişsə də, faktiki ortada olan reallıq Kurban Berdıyevin komandasının avrokuboklara hazırlaşması, öz işində olmasıdır.
Yayılan xəbərlərə klubdan ciddi reaksiya verilməməsi də bugünkü reallıqda tam doğru, olmalı olan mövqedir. Ona görə ki, ortada heç bir rəsmi cəza yoxdur. Bu halda klub mənşəyi məlum olmayan informasiyadan niyə narahat olmalıdır ki?
Üstəlik, hər hansı bir klubun UEFA və ya FİFA kimi ciddi qurumdan cəza alması elə-belə, göydəndüşmə, adi məsələ deyil ki, tərəflərdən heç biri rəsmi açıqlama-paylaşım etməsin.
Belə bir məlumat olsaydı, azı cəza verən qurumun rəsmi səhifəsinin bir küncündə xəbər, informasiya üzə çıxardı.
Digər tərəfdən, bir kluba bugünlərdə rəsmi qaydada UEFA lisenziyası verilibsə, keçmişdə fərdi futbolçular ucbatından baş vermiş neqativ məsələyə görə kluba hər hansı məhdudiyyətin qoyulması hüquqi baxımdan absurd görünür axı.
Lisenziya prosesi məgər su içməkdir ki, belə asan və köksüz xəbərlə əvəzlənsin? Lisenziya almaq üçün istənilən klubun keçmişi də, bu günü də ən xırda detalına qədər yoxlanılır, araşdırılır.
Bəli, "Turan Tovuz" xoşagəlməz olayla qarşılaşıb. Lakin 2019-cu ildə baş verən oyun alqı-satqısına görə AFFA-nın açıqladığı cəzada klubun heç bir hüquqi rəsmisinin adı hallanmayıb.
Yəni komanda futbolçunun manipulyativ hərəkətinə görə məsuliyyət daşımır, daşımayıb və 7 oyunçu həmin vaxt fərdi cəzasını qanuni şəkildə alıb. Bu, öz yerində.
Keçək hüquqi reallıqlara. UEFA-nın klubların lisenziyalaşdırılması üzrə maliyyə "fair-play" və davamlılıq qaydaları (UEFA Club Licensing Regulations) 5 əsas fundamental meyar (aspekt) üzərində formalaşdırılıb.
Bir klub - konkretləşdirsək, "Turan Tovuz" bu tələblərə tam cavab verirsə, UEFA-nın rəsmi nümayəndələri klubla əyani təmasdadırsa və heç bir rəsmi neqativ açıqlama yoxdursa, o zaman hansı məntiq və hüquqla avrokubokdan kənarlaşdırıla bilər, nəyə əsasən?
Gəlin UEFA-nın lisenziyalaşdırmasının 5 əsas aspektinə nəzər salaq:
1. Hüquqi meyarlar (Legal Criteria)
2. Maliyyə meyarları (Financial Criteria)
3. İnfrastruktur meyarları (Infrastructure Criteria)
4. Kadr və inzibati meyarlar (Personnel & Administrative Criteria)
5. İdman meyarları (Sporting Criteria)
UEFA-nın rəsmi və əsas tələbləri "Turan Tovuz"da da ardıcıl bir neçə ildir şəffaf şəkildə yerinə yetirilir ki, nəticədə klub Avropanın ali futbol təşkilatından avrokuboklarda iştiraka icazə lisenziyası alır.
Oyun-oyuncaq deyil bu, AFFA-nın ən son bir ay əvvəl tovuzlulara verdiyi icazə lisenziyası məhz UEFA-nın razılığının rəsmi təsdiqidir.
Digər məqama diqqət yetirək, AFFA 2019-cu ildə UEFA-nın tələbi əsasında "Turan Tovuz"un 7 futbolçusunu oyunların nəticələrini manipulyasiya etdiyinə görə futboldan ömürlük uzaqlaşdıranda açıqlanan siyahıda ümumilikdə Azərbaycan klublarından 29 oyunçunun adı var idi.
Məsələn, onlardan biri bu gün "Turan Tovuz"un əvəzinə Konfrans Liqasına yollanacağı iddia edilən "Zirə"dir. "Qartallar"ın əvəzedici komandasının qapıçısı da ömürlük diskvalifikasiyaya məruz qalanlar siyahısında idi. Buna baxmayaraq, "Zirə"nin əsas komandası ardıcıl neçə ildir avrokuboklarda iştirak edir. Bu necə olur bəs?
Yaxud əvvəlki adı ilə "Keşlə"nin (indiki "Şamaxı") əsas futbolçuları - Nizami Hacıyevlə Mirhüseyn Seyidov barəsində də analoji qərar çıxarılandan sonra komanda ardıcıl bir neçə mövsüm avrokuboklara qatılıb.
Belə nümunələr çoxdur əslində. Ümumiləşdirsək, bu gün "Turan Tovuz"un 7 il əvvəl baş verənlərə görə (hansı ki, individual qaydada qanun pozuntunsuna yol verən futbolçularından söhbət gedirdi və onlara ömürlük cəza təyin edilib) klubun özünün avrokuboklara buraxılmayacağı iddiasını ortaya atmaq, açığı, qeyri-peşəkar yanaşma, hətta böhtan, qarayaxma, bir az da irəli getsək, hüquq pozuntusundan başqa bir şeyə bənzəmir.
Ortada rəsmi fakt və ya məlumat, hər hansı cəza verilməsi faktı yoxdur - hamı danışır, müzakirə edir - amma hər hansı rəsmi cəza və ya informasiya mənbəyi üzə çıxarılmır.
Mediasport.com.az


