Frank De Blekere AFFA-dan getdi - Serbiyada HK-nın sədri oldu
Belçikalı sabiq FİFA referisi Frank De Blekerenin AFFA-dakı fəaliyyəti başa çatıb.
"Mediasport" xəbər verir ki, 2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Blekere 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.
O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib.
Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrəsini verib.
2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsi bunun ən bariz nümunələrindən biridir.
Bu nailiyyət ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda Frank De Blekerenin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsidir.
Frank De Blekere karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.
AFFA Frank De Blekereyə Azərbaycan futboluna verdiyi töhfəyə görə təşəkkür edir, yeni fəaliyyətində uğurlar arzulayır.



