UFC ilk dəfə Bakıda keçiriləcək

İyunun 21-də Bakıda ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turniri keçiriləcək.
"Mediasport" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov və UFC prezidenti və baş icraçı direktoru Dana Uayt əməkdaşlıq haqqında razılaşma imzalayıb.
İmzalanma mərasimi Mayamidə baş tutub. Mötəbər yarış Baku Kristal Zalında reallaşacaq.
Tədbirin əsas döyüşündə keçmiş UFC yarımağır çəkidə çempion, hazırda 4-cü yerdəki namizəd Camal Hill və 7-ci yerdəki Xəlil Raundtri Jr.-lə qarşılaşacaq.
UFC FIGHT NIGHT™: HILL vs. ROUNDTREE JR. tədbiri üçün biletlər aprel 25-də, saat 10:00-da (Bakı vaxtı ilə) iTicket platforması üzərindən satışa çıxarılacaq.
Turnirin proqramında yer alan digər döyüşlər aşağıdakılardır:
● İsmayıl Naurdiyev (24 qələbə, 7 məğlubiyyət; Mərakeş, Rabat) orta çəki qarşılaşmasında Çunyonq Parkla (18 qələbə, 6 məğlubiyyət; Cənubi Koreya, Seul) üz-üzə gələcək.
● Ağır çəki döyüşündə Hamdi Abdelvahab (6 qələbə, 0 məğlubiyyət; ABŞ, Nyu-York – Misir, Qahirə) Məhəmməd Usmanla (10 qələbə, 4 məğlubiyyət; ABŞ, Texas) qarşılaşacaq.
● Bantam çəki qarşılaşmasında İrina Alekseyeva (5 qələbə, 2 məğlubiyyət; Rusiya, Çelyabinsk) Klaudiya Siqulaya (6 qələbə, 2 məğlubiyyət; Polşa, Lodz) qarşı döyüşəcək.
● Digər bantam çəki qarşılaşmasında isə Darya Jeleznyakova (9 qələbə, 2 məğlubiyyət; Fransa, Paris – Rusiya, Sankt-Peterburq) Melisa Mallinslə (7 qələbə, 1 məğlubiyyət; İngiltərə, Koventri) qarşılaşacaq.