"Zirə" də avrokubok oyununu Sumqayıt stadionunda keçirəcək
UEFA Avropa Konfrans Liqasında Azərbaycanı təmsil edəcək "Zirə"nin ilk təsnifat mərhələsində ev matçını hansı stadionda keçirəcəyi dəqiqləşib.
"Mediasport" xəbər verir ki, "qartallar" 1-ci raundda üz-üzə gələcəyi Gürcüstanın "Torpedo" klubunu Sumqayıtda qəbul edəcəklər.
Maraqlıdır ki, görüş "Sumqayıt"a məxsus Mehdi Hüseynzadə adına şəhər stadionunda yox, yardımçı meydança sayılan "Socar Polymer Arena"da baş tutacaq.
Bu barədə UEFA-nın rəsmi saytında məlumat paylaşılıb. Oyun iyulun 8-də reallaşacaq.
Xatırladaq ki, Sumqayıtın Konfrans Liqasında qucaq açacağı digər komanda Belarusun BATE kollektivi olacaq.
Minsk təmsilçisi birinci mərhələdə ev qarşılaşmasını məhz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.
BATE-nin "Elbasani" (Albaniya) ilə cavab görüşü iyulun 16-na planlaşdırılıb.
Qeyd edək ki, "Zirə" avrokubokları adətən Mərdəkandakı "Dalğa Arena"da keçirirdi. Arenada hazırda ot örtüyünün dəyişdirilməsi prosesi aparılır.


