2025/2026-cı illər mövsümündə II dövrənin oyunları start götürdü
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasında 2025/2026-cı illər mövsümünün II dövrəsi başlanıb.
"Mediasport" xəbər verir ki, birincilik Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilir.
A qrupunda mübarizə aparan Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandalarının qarşılaşmasını birincilər qazanıblar - 2:1.
İdman Akademiyasının komandası Texniki Universitetin komandasına 3:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Dövlət İqtisad Universiteti ilə Memarlıq və İnşaat Universitetinin komandalarının oyunu heç-heçə ilə bitib - 4:4.
14 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa may ayında yekun vurulacaq.
Çempionat Azərbaycan Texniki Universitetinin idman kompleksində təşkil edilir.
