"İngiltərəyə xal və ya xallar qazanmaq üçün gedəcəyik"
"Penalti epizoduna görə çox məyus olmuşdum. Oyun gedə-gedə bu haqda düşünürdüm. Qol vurmağı fikirləşirdim".
Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə deyib.
Ağdam klubunun müdafiəçisi UEFA Çempionlar Liqasının "Ayntraxt"la Bakıda baş tutan 7-ci tur görüşü haqda düşüncələrini bölüşüb.
3:2 hesablı qələbəni son saniyələrdə təmin edən Mustafazadə buna görə çox xoşbəxt olduğunu bildirib:
"Həm qol vurduğum, həm də qələbə qazandığımız üçün çox şadam. Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk futbolçu olsam da, mənimçün ən önəmli olan komandamızın qələbəsidir. Qolu kimin vurmasının fərqi yoxdur, əsas xal qazanmağımız idi".
O, "Ayaks"la 6-cı tur qarşılaşmasından sonra yaşanan məyusluğu (2:3) necə aradan qaldırdıqları barədə də danışıb:
"O matçdan sonra çox tənqid olunduq. Haqlı tənqidlər var idi. Komanda olaraq toparlanmağı bacardıq. Məşqçilər korpusu bizə lazım olan motivasiyanı verdi. Hədəfimiz pley-offa vəsiqə qazanmaq üçün çox önəmli addım atdıq.
Amma bu, son deyil. Bizi qarşıda "Liverpul"la oyun gözləyir. Məncə, rəqib barədə çox danışmağa ehtiyac yoxdur. Amma biz İngiltərəyə xal və ya xallar qazanmaq üçün gedəcəyik".
Xatırladaq ki, Bəhlul Mustafazadə Almaniya klubu ilə duelin 90+4-cü dəqiqəsində "atlılar"a qələbə qazandıran qolu vurub.
