"AFFA-nın fəaliyyəti Azərbaycan futbolunun süqutuna səbəb olub"

"AFFA-nın fəaliyyəti Azərbaycan futbolunun süqutuna səbəb olub"

"Orta məktəbdə şagird sobadan tüstülənən qazdan zəhərlənir, amma AFFA hər ay milyonlarla manat vəsaiti futbola xərcləyir. Bu təkcə riyazi deyil, mənəvi baxımdan da rüsvayçılıqdır".

"Mediasport" xəbər verir ki, bu fikirlər təhsil üzrə ekspert, Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədova məxsusdur.

Tanınmış mütəxəssis sosial şəbəkə hesabında AFFA-nın Azərbaycan futbolunu məhv etdiyini yazıb, federasiyanı sərt tənqid edib:

"4-5 milyon manatla 6 ayda bir məktəb binasının əsaslı təmirini aparmaq, istilik sistemini bərpa etmək, şagirdlərin sağlamlığı və təhlükəsizliyini təmin etmək olar. Amma bu pullar AFFA-nın adını daşıyan, nəticə verməyən, xalq futbolundan uzaqlaşmış bir struktura yönəldilir.

AFFA-nın fəaliyyəti Azərbaycan futbolunun inkişafına yox, faktiki süqutuna səbəb olub. Bu gün biz nə beynəlxalq futbol turnirlərində nəticə görürük, nə də yerli çempionat cəlbedici və ya keyfiyyət baxımından qənaətbəxşdir.

Ekspert Azərbaycanda uşaq futbolunun bərbad vəziyyətdə olduğunu qeyd edib:

"Uşaq futbol akademiyaları real inkişaf vermir, rayonlarda infrastruktur yox səviyyəsindədir, milli komandaya ümid bəsləyən bir gənc nəsil qalmayıb. Stadionlar boş, azarkeşlərsə artıq Türkiyə və Avropa klublarına yönəlib".

Kamran Əsədov çıxış yolunu göstərib:

"AFFA və onu maliyyələşdirənlər anlamalıdırlar: stadion boş, sinif otağı isə tüstü ilə dolu bir ölkədə prioritet futbol deyil, təhsildir. Əgər bu ölkənin məktəblərində istilik sistemi yoxdur, şagirdlər qaz sobası ilə isidilən dərsə girib zəhərlənirsə, AFFA-nın milyonluq hesabatları, reklam layihələri və mənasız sponsorluqları rüsvayçılıqdan başqa bir şey deyil.

AFFA futbolu sevdirmədi, onu xalqdan uzaqlaşdırdı. Bu gün gənclər “Qarabağ” istisna olmaqla, yerli futbolu izləmir, çünki keyfiyyət yoxdur, sistem yoxdur, şəffaflıq yoxdur. Bəli futbol lazımdır. Amma sağlam, təhsilli, təhlükəsiz şəraitdə böyüyən uşaqdan sonra!

Əvvəl məktəb, sonra stadion. Əvvəl təhsil, sonra oyun. AFFA isə futbolla məşğul olan, onu inkişaf etdirməli qurum olduğunu unudub. Bu təkcə idmana yox, dövlət siyasətinə qarşı hörmətsizlikdir".