AHF-in idmançıları və köməkçi heyəti üçün seminar keçirildi

AHF-in idmançıları və köməkçi heyəti üçün seminar keçirildi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Həndbol Federasiyasının idmançıları və onların köməkçi heyəti üçün maarifləndirmə seminarı keçirib.  

"Mediasport" xəbər verir ki, seminarın əsas məqsədi təmiz idmanın təşviq olunması, dopinqə qarşı mübarizənin gücləndirilməsi və iştirakçıların antidopinq mövzusunda məlumatlılığının artırılması olub. 

Seminarda antidopinq qayda pozuntuları, bu pozuntuların hüquqi və etik nəticələri barədə geniş məlumat verilib. İdmançılara antidopinq qaydaları çərçivəsində onların hüquq və öhdəlikləri izah edilib, dopinq nəzarəti prosesi zamanı və ondan əvvəlki mərhələlərdə nəyə diqqət etməli olduqları ətraflı şəkildə açıqlanıb.

Eyni zamanda, qadağan edilmiş maddələrin siyahısı, onların istifadəsinin riskləri və sağlamlığa mənfi təsiri barədə məlumat diqqətə çatdırılıb. 

Sağlam həyat tərzinin təbliğ olunduğu tədbirdə təmiz idman prinsiplərinə sadiq qalmağın yalnız idmançının karyerası üçün deyil, həm də cəmiyyətə nümunə olmaq baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.