Avropa çempionatında 21 illik həsrətə Nicat Abbasov son qoydu

Avropa çempionatında 21 illik həsrətə Nicat Abbasov son qoydu

Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycanın iki təmsilçisi fəxri kürsüdə yer alıb.

43 ölkənin təmsil olunduğu qitə birinciliyində qrossmeysterlərimizdən Nicat Abasov gümüş, Aydın Süleymanlı bürünc medal qazanıb.

Sonuncu - 11-ci turda Abasov rumıniyalı Boqdan Dyak, Süleymanlı isə millidən komanda yoldaşı Məhəmməd Muradlı ilə xalları yarı bölüb.

Yekunda hərəyə 8,5 xal toplayan triomuzdan şəxsi göstəricilərə görə Abbasov ikinci, Süleymanlı üçüncü, Muradlı dördüncü olub.

Ukraynalı Roman Dextyarov 9 xalla Avropa çempionu adını əldə edib. Beləliklə, ilk "4-lük"də Azərbaycanın 3 zəka sahibi yer alıb.

Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı həmçinin 2027-ci ildə baş tutacaq Dünya Kubokunda da iştirak hüququna yiyələniblər.

Xatırladaq ki, şəxsi Avropa çempionatı 2000-ci ildən keçirilir. Azərbaycana kişi şahmatçıların qitə çempionatında yeganə medalı 2005-ci ildə ikinci yeri tutan Teymur Rəcəbov gətirmişdi.