Avropa çempionu prezidentlə görüş təəssüratlarını bölüşdü

Avropa çempionu prezidentlə görüş təəssüratlarını bölüşdü

"Təəssüratlarım çox yaxşıdır, həm çox sevincliyəm, həm də qürurluyam. Biz cənab Prezidentin diqqətini və qayğısını hər zaman hiss edirik, amma bugünkü bu səmimi görüş mənim üçün qazandığım bütün medallardan daha böyük mükafat oldu".

Bu sözləri "Mediasport"a açıqlamasında Azərbaycan yunan-Roma güləşi üzrə milli komandasının üzvü Həsrət Cəfərov deyib.

4 qat Avropa çempionu Azərbaycan prezidenti İlham Əliyevlə görüş haqda fikirlərini bizimlə bölüşüb:

"Cənab Prezidentin bizə qarşı göstərdiyi o isti münasibət, dövlətinin sənə bu qədər dəyər verdiyini və Liderinin sənə inandığını görmək bir idmançı üçün ən böyük xoşbəxtlikdir.

Bu görüş mənə həm böyük bir güc verdi, həm də növbəti qələbələr üçün məsuliyyətimi daha da artırdı".

O, dövlət başçısı ilə dialoqunun çox səmimi keçdiyini bildirib:

"Dialoqumuz olduqca səmimi və mənalı keçdi. Cənab Prezidentin hafizəsi məni heyran etdi, yarışlarda üzləşdiyim bəzi haqsızlıqları, hakimlərin qərarlarını belə, xatırlayırdı. İslam Oyunlarında mənə qarşı edilən qərəzli sıxışdırmaları da unutmamışdı.

Möhtərəm Prezidentimiz 4 qat Avropa çempionluğum münasibətilə məni təbrik etdi, gülümsəyərək “5-ci dəfə də çempion olacaqsan” dedi. Bu sadəcə bir inam deyil, həm də mənə verilən bir tapşırıqdır. Mən də daim çalışıram və bundan sonra da çalışacam ki, bu etimadı doğruldum".

Həsrət Cəfərov Dünya Güləş Birliyinin onun haqqında əfsanəvi türkiyəli, 12 dəfə Avropa çempionu olmuş Rza Kayaalpın rekorduna çatıb-çatmayacağı ilə bağlı sual formalı paylaşımına da reaksiya verib:

"Rza Kayaalp güləşin canlı əfsanəsidir, onun əldə etdiyi uğurlara və təcrübəsinə böyük hörmətim var.

Mən kimisə təkrarlamaq deyil, öz tariximi yazmaq istəyirəm və əgər dövlətimin, xalqımın mənə bu qədər inamı varsa, deməli, qeyri-mümkün heç nə yoxdur.

Hazırda tək hədəfim hər yarışda bayrağımızı ucaltmaqdır, zamanı gələndə rəqəmlər özü danışacaq".