Ayxan Abbasov növbəti dəfə hakimlərə üsyan etdi: "AYIBDIR!"

Ayxan Abbasov növbəti dəfə hakimlərə üsyan etdi: "AYIBDIR!"

"İstəyərdim ki, xal qazanaq. Bu mövsüm "Sabah"la oyunlarımız mübarizəli keçirdi. Rəqib bu il bizə qalib gəlməmişdi. Bu gün bacardılar".

"Mediasport" xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 34-cü turunun "Sabah"la matçı haqda danışıb:

"Standart vəziyyətlərdə uduzduq. Gənc futbolçulara şans verdik. Heyətdə dəyişikliklər etmişdim. Bəzi oyunçuları meydanda görmək istəyirdim. Buna baxmayaraq, futbolçularıma ilboyu göstərdikləri mübarizəyə görə təşəkkür edirəm.

"Şamaxı" qarşısına qoyulan məqsədə çatdı. Mövsüm bitəndən sonra gələcək planlar haqda fikirləşəcəyik.

O, növbəti dəfə hakimlikdən narazılığını dilə gətirib:

"Fərid Hacıyevdən həmişə narazı olmuşam. Çox danışmaq istəmirəm. Deyirik gəncdirlər, həmişə dəstək oluruq. Top çıxıb, foul verir.

Ayıbdır!. Uşaqların bu boyda əziyyətini yerə vurur. Həmin hücum korner oldu. Korner də qolla nəticələndi. Neçə epizod oldu ki, sarı vərəqə vermədi.

Bundan sadə epizodlarda bizə "sarı" verirlər. Fərid Hacıyev oyunu zəif idarə etdi. Bu hakim bizim oyunlara düşəndə çox zəif idarə edir. Bilmirəm nədən irəli gəlir".

Qeyd edək ki, "Şamaxı" səfərdə "Sabah"a 1:3 hesabı ilə məğlub olub.