"İlk oyun təxmin etdiyimiz kimi ağır oldu - Rəqib yaxşı müdafiə olundu"

"İlk oyun təxmin etdiyimiz kimi ağır oldu - Rəqib yaxşı müdafiə olundu"

"İlk oyun təxmin etdiyimiz kimi ağır oldu. Rəqib yaxşı müdafiə olunurdu. Allaha şükürlər olsun ki, qələbə qazandıq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Premyer Liqanın 1-ci turunun "İmişli" ilə matçından sonra (1:0) keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Yoxlama oyunlarında qol vurmaqda çətinlik çəkirdiniz, bu gün də elə oldu. Bunu necə aradan qaldıracaqsız?

- Belə matçlar həmişə çətin olur. Bəzi gec qoşulan oyunçularımız oldu. Alexandro Serrano gec gəldi, İbrahima Vadjiyə vaxt lazımdır. Zamanla hər şey qaydasına düşəcək.

İlk yarıda futbolçulara çox əsəbiləşirdiniz. Bunun səbəbi nə idi?

- Bəzi məqamlar var ki, onları məşqlərdə işləmişdik, amma alınmırdı. Narazılığım buna idi.

Ehtiram Quliyev bildirib ki, "Turan Tovuz"un hədəfi çempionluqdur. Siz necə düşünürsünüz?

- Qarşımıza hədəf qoyulub, bu, ciddi hədəfdir. Biz buna çatmaq üçün çalışacağıq.

Ən böyük probleminizin sol ayaqlı sol cinah müdafiəçisinin olmamasıdır deyə bilərik?

- Bəli, düz deyirsiniz. Həmin mövqe güclənməlidir. Müəyyən təmaslarımız var. Amma hadisələri qabaqlamaq istəmirəm.

Bundan sonra neçə transfer gözlənilir?

- Ən azı iki transfer istəyərdik. Amma görəcəyik.

Rəhim Sadıqovun 90 dəqiqə meydanda qalmasının səbəbi nə idi?

- Rəhimin pis oynadığını düşünmürəm. O, meydanda çox böyük iş gördü. Bu gün onun oyunundan razı qaldım.

David Tavareşin adının matçın iştirak ərizəsinə daxil edilməməsinin səbəbi nədir?

- Təlim-məşq toplanışında zədələnib. Yavaş-yavaş sağalır. İnanırıq ki, bizə kömək edəcək.

Şəhriyar Əliyevin oynamaması nə ilə bağlı idi?

- Rəqabətlə bağlıdır. Bu mövsüm komandamız daha rəqabətədavamlıdır. Kim güclüdürsə, o da oynayır.