Azərbaycan komandası beynəlxalq reqatanı 9 medalla başa vurdu
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq avarçəkmə reqatası yekunlaşıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan komandası yarışı 9 medalla başa vurub.
Sonuncu yarış günündə idmançılarımız daha 4 mükafat (1 qızıl, 1 gümüş, 2 bürünc) əldə ediblər.
İkinəfərlik kayak qayığında Tengiz Qaqnidze-Qiyas Əhmədov (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü 200 metr məsafəyə yarışda qızıl medala sahib çıxıb.
Niyaz Məlikov-İvan Vorobyanski (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü gümüş medala yiyələnib.
İkinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə (2010-2011) Sənan Cəfərzadə-Tahir Mövsümov, həmçinin akademik avarçəkmədə ikinəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə (2008-2009 təvəllüdlü idmançılar) Azər İlyasov-Tunar Məmmədzadə cütlüyü üçüncü yeri tutub.
Xatırladaq ki, reqatada daha əvvəl təmsilçilərimizdən Azər İlyasov akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlü idmançılar) yürüşdə qızıl medalın sahibi olub.
Əlimurad Hacızadə birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə finişə ikinci çatıb.
Mustafa Vəlizadə-Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar) 500 metr məsafəyə yürüşdə, Niyaz Malikov–İvan Vorobyanski cütlüyü isə 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə yarışı (2008–2009 təvəllüdlü idmançılar) bürünc mükafatla tamamlayıb.
İlk yarış günündə Əlimurad Hacızadə birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş medala layiq görülmüşdü.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı qatılıb.
