“Prezident Kuboku”nda yarışacaq komandaların rəsmi paradı oldu

Mingəçevir şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasında iştirak edəcək komandaların rəsmi paradı olub.
"Mediasport" xəbər verir ki, paradda Azərbaycan, Türkiyə, Estoniya, Gürcüstan, Qırğızıstan, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, Almaniya, Yunanıstan, Latviya, Litva, Moldova, Macarıstan, Hindistan, Qazaxıstan, İspaniya, Ukrayna, Özbəkistan və Tacikistan komandaları iştirak ediblər.
Paradın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca müxtəlif rəqs və musiqi nömrələri təqdim olunub.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Yan Zunqrana, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, turnirdə iştirak edən xarici federasiyaların rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar aprelin 30-da Suqovuşanda baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə ilə davam edəcək.
“Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.