Azərbaycan medal sıralamasında yenidən 2-ci pilləyə yüksəldi

Azərbaycan medal sıralamasında yenidən 2-ci pilləyə yüksəldi

Azərbaycan ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının medal sıralamasında yenidən ikinci pilləyə yüksəlib.

"Mediasport" xəbər verir ki, qızıl medal ehtiyatını 23-ə çatdıran komandamız Belarusa verdiyi sıranı təhvil alıb.

Ölkəmizin aktivindəki medalların sayı 134-ə (23 qızıl, 44 gümüş, 67 bürünc) çatıb.

Birinci pillədəki Rusiya komandasının hesabında 157 medal (89 qızıl, 40 gümüş, 28 bürünc) var.

Üçüncü sıraya düşən Belarus 81 medal (20 qızıl, 23 gümüş, 38 bürünc) əldə edib.

Oyunlarda ümumilikdə 13 iştirakçı ölkədən 9-u - Rusiya, Azərbaycan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan,  Pakistan və Türkiyə idmançıları medal qazanıb.

Kuba, Küveyt, Oman və Türkmənistan hələlik medalçı ola bilməyib.