"Azərbaycanı beynəlxalq arenada təmsil etdiyim üçün fəxr edirəm"

"Azərbaycanı beynəlxalq arenada təmsil etdiyim üçün fəxr edirəm"

"Azərbaycan millisinə ilk dəfə gələndə, demək olar ki, dərhal geri qayıtdım. Fikirləşirdim ki, buna ehtiyacım var, ya yox. Mən Sibirdə böyümüşəm və Rusiya millisində oynamaq arzusunda idim".

"Mediasport" xəbər verir ki, bu sözləri "Çempionat" nəşrinə açıqlamasında Azərbaycan millisinin üzvü Aleksey İsayev deyib.

O, futbol üzrə Azərbaycan milli komandasında forma geyindiyi üçün ona bu şansı yaradanlara təşəkkür edib:

"Mənə verdikləri şansa görə o insanlara minnətdaram. Heç vaxt düşünməzdim ki, başqa ölkənin yığmasına bu qədər həvəslə gedəcəyəm. Fəxr edirəm və xoşbəxtəm ki, bu ölkəni beynəlxalq arenada təmsil edirəm və bundan ötrü hər zaman əlimdən gələni edirəm".

"Qarabağ"ın da formasını geyinən Aleksey Azərbaycan Premyer Liqası haqqında da danışıb:

"Çoxları Azərbaycan çempionatını aşağı qiymətləndirir. Burada futbolun səviyyəsi çox yaxşıdır. "Qarabağ", "Neftçi", "Sabah", "Zirə", Qurban Berdiyevin "Turan"ı çox yaxşı komandalardır. Burada səviyyəli legionerlər, istedadlı yerli uşaqlar var. Ona görə də harada daha asan olacağını düşünməmişəm. Yalnız uşaqlıq arzum - Rusiya yığmasında oynamaqla bağlı şübhələrim var idi. Düşünürdüm ki, ora düşmək şansım var".

İsayev Krasnoyarsk futbolunun yetirməsidir. Peşəkar karyerasında "Qarabağ"dan başqa, "Yenisey", "Zenit-2", "Sabah"da da oynayıb.