Azərbaycan döyüşçülərindən Avropa çempionatında 7 medal

Azərbaycanın MMA idmançıları Serbiyanın paytaxtı Belqradda keçirilən IMMAF Avropa Çempionatında uğurla iştirak ediblər.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz “Ranko Zeravica Sports Hall” idman kompleksində baş tutan yarışda Azərbaycan MMA Federasiyasının (AZMMAF) prezidenti Rövşən Həsənovun rəhbərliyi altında 7 medal qazanıblar.
10-11 yaşlıların kateqoriyasında çıxış edən Eldar Həsənli bütün rəqiblərinə qalib gələrək çempion olub. 18-21 yaşlıların kateqoriyasında Ələkbər Mahmudov, 21 yaşdan yuxarı idmançıların mübarizəsində Sahil Şakirov ən yüksək əyarlı medala layiq görülməklə çempionluq sevinci yaşayıb.
Yalnız finalda məğlub olan Mətin Əmirli və Cəfərsadiq Mirzəyev Avropa çempionatının gümüş medalını əldə edib.
Digər idmançılarımız Əli Novruzlu və Səlahəddin Rəhimov isə qitə yarışını üçüncü pillədə başa vurublar.
Milli komandamız qitə birinciliyinə baş məşqçi Şəhriyar Abbasov, məşqçilər Ravil Fətullayev və Natiq Novruzzadənin rəhbərliyi altında hazırlaşıb.
AÇ-də Azərbaycanı hakim qismində Vüsal Bayramov və Rəsul Ağayev təmsil edib.