Azərbaycanın üç güləşçisi bu axşam medal üçün yarışacaq

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi mübarizəyə qoşulub.
Onlardan üçü uğursuzluqla yadda qalıb - 57 kq-da İslam Bazarqanov 1/8 finalda, 74 kq-da Turan Bayramov 1/16 finalda, 79 kq-da Cəbrayıl Hacıyev isə 1/4 finalda uduzub.
Yalnız 92 kq-da yarışan Osman Nurməhəmmədov yarımfinaladək irəliləyib. O, axşam seansında final uğrunda güləşəcək.
Dünən gücünü sınamış "sərbəst"lərimizdən Nurəddin Novruzovla (61 kq) Arseniy Cioyev (86 kq) təsəlliverici görüşlərini uğurla keçərək bürünc medal qazanmaq fürsəti əldə ediblər.
Həmçinin Giorgi Meşvildişvili (125 kq) də bu axşam dünya çempionluğu üçün yarışacaq.
Yarımfinallar Bakı vaxtı ilə 18:30-da, medal görüşləri isə 20:00-da başlanacaq və İctimai TV vasitəsilə canlı yayımlanacaq.
Mundiala sentyabrın 21-i yekun vurulacaq.
Xatırladaq ki, Azərbaycan komandası DÇ-yə ümumilikdə 23 idmançı ilə yollanıb.