"Bakıdakı matçda daha diqqətli olmalıyıq" - Qurban Qurbanov
"Futbolçularımı təbrik edirəm. Çox yaxşı, düzgün mübarizə apardılar. Çoxlu güc sərf etdilər".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis UEFA Konfrans Liqasının "Tvente" ilə ilk pley-off oyunundan sonra fikirlərini bölüşüb.
O, Niderlandda qazandıqları 1:0 hesablı qələbəni şərh edib:
"Qaabağ" olaraq üçüncü dəfədir bu stadionda oynayırıq. Hər dəfə daha çox zövq alırıq bu stadiondan, azarkeşlərdən, oyundan.
Bizim azarkeşlərimiz də gəlmişdilər, bir dəqiqə dayanmadılar, yanımızda idilər, dəstək oldular. Hamısına təşəkkür edirəm.
Çox vacib qalibiyyət oldu, amma bu hələ ilk hissədir. Bakıda cavab oyunu var.
Bu komanda daha sürətli oynaya bilir, daha çox qol epizodlarına girə bilir. Düşünürəm ki, Bakıdakı matçda daha diqqətli olmalıyıq.
Daha intizamlı oynamalıyıq ki, iki görüşün nəticəsinə görə qalib olaq. İnanıram ki, Bakıdakı qarşılaşma da buradakı kimi maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik".
Xatırladaq ki, komandalar arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Ayxan


