"Bilmirəm, bunu məcburiyyətdən edirlər, yoxsa başqa səbəbdən"

"Heyəti büdcəmizə uyğun formalaşdırmışıq. Belə deyək, bu komanda mübarizə apara biləcək. Məqsədlərdən danışanda aydındır ki, əsas məqsəd qələbələrdir, amma elə klublar var ki, onlarla çətin olacaq".
"Mediasport" xəbər verir ki, bunu "Zirə" ilə yoxlama oyunundan (2:1) sonra "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Komandasının hazırlığı haqda fikirlərini bölüşən mütəxəssis heyətə yeni transferlərin lazım olduğunu bildirib:
"Heyətin güclənməsinə ehtiyacımız var, 2-3 futbolçu da istərdik. Elə mövqelər var ki, orada çətinliklərlə üzləşə bilərik, çünki mövsüm uzun marafondur. Komandanın böyük hissəsi gənclərdən ibarətdir, amma onlara inanıram".
Ayxan Abbasov bəzi klubların ev oyunlarını Şamaxıda keçirməsindən narazılığını qeyd edib:
"Premyer Liqanın bəzi klublarının (“Karvan” və “İmişli”) ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi bizim üçün problem ola bilər. Bilmirəm, bunu məcburiyyətdən edirlər, yoxsa başqa səbəbdən. Bildiyiniz kimi, stadionda işıqlandırma yoxdur və bu, məşq prosesimizi poza bilər.
Məsələn, əgər cümə və şənbə günləri başqaları oynayacaqsa, bazar günü “Şamaxı” oyunu olarsa, biz ümumiyyətlə 1-2 gün məşq edə bilməyəcəyik. Əgər futbolumuzun inkişafını istəyiriksə, meydançalar lazımdır. Məncə, buna sərmayə qoyulmalıdır. Haradasa müvəqqəti oynamaq olar, amma biz daha peşəkar olmalıyıq”.