"Biz sırf Abubakarın dalınca qaçmamışdıq, ad axtarmamışıq"

"Biz sırf Abubakarın dalınca qaçmamışdıq, ad axtarmamışıq"

"Neftçi" Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində MOİK-i mübarizədən kənarlaşdırıb.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov 6:2 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.


Maraqlıdır, Vensan Abubakarın 2-ci qolundan sonra nə söhbət edirdiniz?

- Müzakirə edirdik. Onun toxunuşu, klası... Vurulan qola sevinirdik. Bu haqda danışırdıq, başqa bir şey yox idi.

Özünüzə sual verirsiniz ki, Abubakarı niyə vaxtında gətirmədik?

- Vaxtında gətirə bilməzdik. Bizim üçün əlçatmaz idi. Belə futboloçular üçün Azərbaycan Premyer Liqası can atdıqları yer deyil. Uyğun zaman lazımdır ki, belə oyunçuları yaxalayasan. Mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bizim üçün də xoş hal deyil. Bütün futbolçular oynayır. Şəxsən mən bölgü aparmazdım. Digər futbolçuların etdiklərini də görürəm. Bizə hücumçu, bitirici lazım idi. Belə hücumçu gətirmişik. Biz sırf Abubakarın dalınca qaçmamışdıq, ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik.

Püşkə baxanda kuboku qazanmaq şansınızı necə dəyərləndirirsiniz?

- Bizim üçün kubok həmişə çətin olub. Şəxsən mənim özüm üçün də .Biz elə komandayıq ki, bizim üçün növbəti oyun prioritetdir. Hər iki turnirdən də yapışacağıq. Baxmayaraq ki, bu, çətindir. Bizim üçün püşk önəmli deyil. Hər oyunu udmalıyıq. İki ay sonra kiminlə oynayacağımızı düşünmürük. Bu klubda belə şey olmayıb. "Sumqayıt"da işləyəndə fikirləşirdik ki, bu turnir asandır, bütün fikrimizi bura yönəldək. "Sumqayıt" "Qarabağ" deyil. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi hiss edirik.

Abubakarın gəlişindən Bassala Sambunun psixoloji durumu necədir?

- Çoxa əladır. Yaxşı tərəfi odur ki, Sambu Abubakarla rəqabət aparacaq. 

Əlinizdə olan heyət hansı sistemlə oynamağa imkan verir?

- Murad Məmmədov zədələndiyi üçün məcburiyyətdən Mustafa Seki oynatdıq. Format məsələsinə gəldikdə, üçlü də, dördlü də ola bilər. Üstündə durduğumuz dördlü müdafiə sistemidir. Dəyişikliklərə də gedə bilərik. Məşqlərdə bəzi oyunçuları sol cinah müdafiəçisi mövqeyində yoxlayırıq. 

MOİK-dən 2 qol buraxdınız. Belə demək olar ki, müdafiə və qapı xəttinə transfer lazım idi?

- Bu oyun "Neftçi" üçün göstərici deyil. Belə matçlara oyunçuları motivasiya etmək çətindir. Bu cür oyunlarda ancaq hücumu fikirləşirsən. Qapına hücum olanda belə zədəsiz vəziyyətdən çıxmaq istəyirsən. Futbolçuları anlayıram. Səhvlər var idi.  Yüz faiz bilirəm ki, həmin futbolçular başqa oyunlarda o səhvləri etməzlər. Boşluqdan irəli gələn bir şeydir. Çox gözəl skaut departamentimiz var. Bir çox ölkələrə gedirlər. Transfer fəaliyyətimizi uzunmüddətli iş üzərində qururuq. 

Rza Cəfərovla klub arasında münasibətlər korlanıb?

- Bizim Rza ilə münasibətimiz niyə pozulsun ki? Qəbələdə bu suala cavab verdim. Qapı xəttində yaxşı rəqabətimiz var.