Ayxan Abbasov: "İlk rəqibimiz "Neftçi"dir, xal qazanmaq istəyirik"

"Çempionatımızın başlamasına sevinirik. Matçlar üçün darıxmışıq. Əlbəttə, bu mövsüm daha gərgin keçəcək. Çünki yeniliklər var. 12 komanda, 3 dövrə..."
Bu sözləri "Mediasport"a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Təcrübəli mütəxəssis bölgə təmsilçisinin Premyer Liqanın ilk turunda "Neftçi" ilə qarşılaşmasından söz açıb:
"İddialı klubların sayı çoxalıb. Məncə, digər komandalar bir-birinə yaxındır. Buna görə də oyunlar maraqlı keçəcək. Ölkə çempionatında ilk rəqibimiz "Neftçi"dir. Onlar ötən mövsüm avrokuboklara vəsiqə qazana bilmədilər. Amma bu il komandanı yenidən qurublar, yaxşı transferlər ediblər".
Çalışdırıcı Bakıda keçiriləcək oyunda "ağ-qaralar"ın azarkeşlərindən də söz açıb:
"Səfərdə oynayacağıq. Bilirik ki, azarkeşləri "Neftçi"ni bu il də dəstəkləyəcəklər. Bir sözlə, ilk turda maraqlı oyun olacaq. Biz də birinci matçda xal qazanmaq istəyirik. Komandamıza yeni qoşulan futbolçularımız da var".
Xatırladaq ki, "Neftçi" - "Şamaxı" oyunu avqustun 16-da, saat 20:00-da "Neftçi Arena"da baş tutacaq.