"Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir"

"Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir"

"Yeni mövsüm üçün hazırlığımız yaxşı səviyyədə keçir. Bakıdan sonra indi də Avstriyada hamı canla-başla çalışır, verilən tapşırıqları yerinə yetirir. Komanda şəklində çatışmayan cəhətlərin üzərində işləyirik".

"Mediasport" xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

O, Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında komandanın yeni mövsüm üçün daha yaxşı forma yığmağa çalışdığını bildirib:

“Düşünürəm ki, bizim üçün çox faydalı təlim-məşq toplanışı keçir. Fikrimcə, pis təsir bağışlamamışıq. Həm taktiki, həm də fiziki durumumuzu optimal səviyyəyə çatdırmağa çalışırıq. Rəsmi oyunlara qədər tam hazır olmaq istəyirik”.

Toral bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxış etməyə çalışacaqlarını vurğulayıb:

“Çempionlar Liqasında ilk matçımıza təxminən bir həftə vaxtımız qalıb. Turnirə tam hazır olmaq üçün bütün gücümüzlə hazırlaşırıq.

Rəqibin kimliyindən asılı olmayaraq, meydana hər zaman qələbə üçün çıxırıq. Bunu reallaşdırmaq istəyiriksə, optimal formada olmalıyıq. Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bu mövsüm hər şey yaxşı olacaq”.