Daha 3 boksçumuz Avropa çempionatının yarımfinalında
Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, yarışın altıncı günündə Azərbaycan millisinin daha 3 idmançısı yarımfinala yüksəlib.
Sübhan Mamedov (50 kq) 1/4 finalda İştvan Szaka (Macarıstan) ilə döyüşüb.
Dünya çempionu rəqibini 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, bu gün yarımfinalda Samet Gümüşlə (Türkiyə) üz-üzə gələcək.
Amin Məmmədzadə (55 kq) də uğurlu seriyanı davam etdirib. O, Billal Bennamadan (Fransa) güclü olub – 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28). Milli üzvü sabah yarımfinalda Vyaçeslav Roqozinlə (Rusiya) qarşılaşacaq.
Məhəmməd Abdullayev (+90 kq) də rinqdən qalib ayrılıb. Dünya Kubokunun qalibi Omar Şihanı (Norveç) mübarizədən kənarlaşdırıb – 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28). Abdullayev bu gün yarımfinalda Damar Tomasla (İngiltərə) münasibətlərə aydınlıq gətirəcək.
Yarımfinala yüksələn 4 boksçu özləri üçün azı bürünc medalı təmin edib.
Bu gün həmçinin Nəbi İsgəndərov (70 kq) yarımfinalda Con MakKonnelli (İrlandiya), Səidcəmşid Cəfərov (75 kq) 1/4 finalda Kevin Skottu (İsveç) sınağa çəkəcək.
Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.

