Dünya Kuboku-2026: Ən son yeniliklər və ən xüsusi nüans

Dünya Kuboku-2026: Ən son yeniliklər və ən xüsusi nüans

İyunun 11-də start götürəcək futbol üzrə dünya çempionatı (DÇ-2026) təkcə coğrafi miqyasına görə deyil, həm də yeniliklər və qaydaları ilə tarixə düşəcək.

Əsas özəlliklərindən biri mundialın tarixdə ilk dəfə üç ölkədə - ABŞ, Kanada və Meksikada keçirilməsidir.

Dördilliyin zirvə yarışının final mərhələsində ilk dəfə 48 milli komanda mübariz aparacaq ki, bu da xüsusi yenilikdir.

"Mediasport" 104 oyunun baş tutacağı Dünya Kubokunda tətbiq olunacaq digər ən maraqlı və fərqli qaydaları təqdim edir:


İlk dəfə 1/16 final mərhələsi olacaq

Komanda sayının artması turnirin strukturunu da dəyişib. Artıq qrupdan sonra birbaşa 1/8 final deyil, 1/16 final (play-off) mərhələsi oynanılacaq. Bu isə o deməkdir ki, çempion olmaq istəyən komanda əvvəlki kimi 7 yox, ümumilikdə 8 matç keçirməlidir.

Ofsayd üçün yarı-avtomatlaşdırılmış texnologiya

DÇ-2022-də tətbiq olunan yarı-avtomatlaşdırılmış ofsayd sistemi (SAOT) bu turnir üçün daha da təkmilləşdirilib. Topun daxilindəki xüsusi sensorlar və stadiondakı onlarla izləmə kamerası sayəsində ofsayd qərarları saniyələr ərzində və milimetrik dəqiqliklə veriləcək.

Sağlamlıq üçün xüsusi həssaslıq (Concussion - beyin sarsıntısı)

Oyunçuların sağlamlığı hər şeydən öndə və ən yüksək həssaslıqla nəzərə alınacaq. Əgər hər hansı bir futbolçu oyun zamanı ciddi baş zədəsi alarsa və həkimlər beyin sarsıntısı şübhəsi qoyarsa, komandaya əlavə (6-cı) əvəzetmə hüququ veriləcək. Bu əvəzetmə standart 5 əvəzetmə limitindən tamamilə müstəqildir.

Artırma dəqiqələr 10 dəqiqədən çox ola bilər

4 il əvvəl Qətərdə baş tutan mundialda gördüyümüz matçların vaxtlarına 10, 12 və daha çox dəqiqə artırma tendensiyası DÇ-2026-da rəsmi olaraq daha ciddi şəkildə diqqətdə saxlanılacaq. Vaxt itkiləri (qol sevincləri, zədələnmələr, VAR yoxlamaları) saniyəbəsaniyə hesablanaraq vaxta əlavə olunacaq.

Planetdə 3-cü dəfə DÇ-də ev sahibi olacaq tək ölkə

Budəfəki ev sahiblərindən Meksika unikallığı ilə seçilir. Belə ki, Şimali Amerika qitəsinin təmsilçisi tarixdə 3 fərqli dünya çempionatına ev sahibliyi edəcək yeganə ölkə olacaq. Meksika bunadək iki dəfə - 1970 və 1986-cı illərdə mundialın təşkilatçısı olub.