Dünya çempionatına yollanacaq 48 millidən 10-u məlumdur

2026-cı ilin yayında keçiriləcək futbol üzrə növbəti dünya çempionatında iştirak edəcək milli komandalardan 10-u artıq məlumdur.
Tarixdə ilk dəfə 48 yığmanın iştirakı ilə baş tutacaq mundialın final mərhələsinə indilik sonuncu vəsiqəni iki gün əvvəl Özbəkistan millisi qazanıb.
Asiya qitəsindən ümumilikdə 5 ölkə artıq bu hüquqa yiyələnib - Cənubi Koreya, İran, Yaponiya, İordaniya və Özbəkistan. Sonuncu ikisi DÇ-nin debütantı olacaq.
Şimali və Mərkəzi Amerika və Karib hövzəsindən ABŞ, Kanada və Meksika turnirin ev sahibləri kimi mundialda oynamaq hüququna malikdirlər.
Digər iki yığma Cənubi Amerikadan son dünya çempionu Argentina və Okeaniyadan Yeni Zelandiya milli komandasıdır.
İyunun 11-dən iyulun 19-dək keçirilək dünya çempionatına ilk dəfə üç ölkə - ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
Mediasport.com.az