Türkiyə və Özbəkistanı DÇ-yə vəsiqə münasibətilə təbrik etdi
Baş nazir Əli Əsədov Türkiyə və Özbəkistanı futbol üzrə dünya çempionatına vəsiqə qazandıqları üçün təbrik edib.
"Mediasport" xəbər verir ki, o, təbrik mesajlarını Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı ünvanlayıb.
Baş nazir bildirib ki, Türkiyə milli komandası 24 ildən sonra yenidən futbol üzrə dünya çempionatına (ABŞ, Meksika və Kanada da təşkil ediləcək) vəsiqə qazanıb:
"Bu möhtəşəm qələbə hər birimiz üçün xüsusi sevinc mənbəyinə çevrildi. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik.
Eyni zamanda, Özbəkistanın da tarixində ilk dəfə olaraq dünya çempionatına yüksəlməsi xüsusi qürur və sevinc doğurur. Bu tarixi nailiyyətə qardaş Özbəkistan hələ ötən ilin iyun ayında imza atıb".
Xatırladaq ki, Türkiyə milli komandası Avropa zonası üzrə pley-off mərhələsində Rumıniya və Kosovo yığmalarına 1:0 hesabı ilə qalib gələrək mundialda iştirak hüququ əldə edib.
Tarixində ilk dəfə DÇ-nin final mərhələsinə qatılacaq Özbəkistan seçməsi isə lisenziyanı Asiya zonası üzrə seçmə mərhələdə rəsmiləşdirib.
