Elmar Baxşıyev "Konyaspor"a məğlubiyyəti belə şərh etdi

Elmar Baxşıyev "Konyaspor"a məğlubiyyəti belə şərh etdi

"Bu oyun əvvəldən planda yox idi. İki gün əvvəl qərar verdik ki, “Konyaspor”la qarşılaşaq. Üç gün əvvəl isə “Alanyaspor”la gücümüzü sınadıq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis Türkiyədə keçirilən toplanış çərçivəsində qarşılaşdıqları Super Liqa klubu “Konyaspor”la yoxlama matç haqda danışıb.

O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

"3 gün ərzində Super Liqanın iki klubu ilə qarşılaşmaq ağır olsa da, meydana çıxan futbolçular yaxşı iş görməyə çalışdılar. Xüsusilə də müdafiə xəttində dəyişikliklər etmişdik.

Müxtəlif variantları yoxlamaq istədik. Səhvlərimiz oldu və rəqib də bundan istifadə etdi. Əlbəttə, yoxlama oyununda nəticə yox, futbolçuların meydanda gördüyü, etdiyi işlər vacibdir.

Məğlub olsaq da, komandamın apardığı mübarizədən, göstərdiyi oyundan narazı qalmadım. Məşqlərdə göstərilənləri reallaşdırmağa çalışırlar. Ancaq düzəltməli olduğumuz elementlər var ki, bunun üçün məşqlərdə çox işləməliyik".

Qeyd edək ki, Avropa Konfrans Liqasında yarışacaq təmsilçimiz iyulun 24-də Bakıda YUnanıstanın "Aris" klubunu qəbul edəcək.